GƏNCƏ TİBB KOLLECİ

12 may Beynəlxalq Tibb Bacısı Günüdür


Post Image

12.05.2022 – ci il tarixində Gəncə Tibb Kollecinin tələbələri Beynəlxalq Tibb Bacısı Günü münasibətilə konfrans təşkil etmişlər.

Bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə hər birimiz təşəkkür etməyə borcluyuq.

İlkin tibbi təhsil almış şəfqət bacıları, müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.

Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifələr düşür.

Xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqini yoxlamaq və digər işlər tibb bacısının öhdəsinə düşür. Onu da xatırlatmağa dəyər ki, Gəncə Tibb Kollecinin tələbələri, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizədə, eləcə də Vətən müharibəsi dövründə də  öz  təcrübə və peşəkarlıqlarını, üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə könüllü olaraq yaxından iştirak etmişlər.

Hazırda ölkəmizdə peşəkar tibb bacılarının hazırlanmasına xüsusi diqqət yetirilir, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür.

Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta ixtisas tibb işçiləri hazırlayan Gəncə Tibb Kollecində hazırda Müalicə işi,  Mamalıq işi, Tibbi profilaktika, Laborator diaqnostika, Ortopedik stomatologiya, Əczaçılıq, Tibb bacısı(qardaşı) işi ixtisası üzrə tələbələr təhsil alır.

Bu gün  kollecimizdə demək olar ki, bütün ixtisaslar üzrə laboratoriyalarımız var. Yüksək standartlara cavab verə biləcək ortopedik stomatologiya, laborator diaqnostika, tibbi proflaktika laboratoriyaları , robot-trenajor təlim mərkəzi tələbələrimizə müasir tibbdə istifadə edilə biləcək bilik və bacarıqlar aşıladır. Gələcəyin peşəkar orta ixtisaslı  tibb kadrları olması üçün onlara nəzəri biliklərlə yanaşı həm də robot üzərində  praktik əməliyyatlar aparmaq imkanı yaradılıb. Belə ki, tələbələr bu mərkəzdə sidik kisəsi və venaya katetrlərin qoyulması, intubasiya, elektrokardioqramma çıxartmaq və defibrilyatordan istifadə qaydalarını öyrənirlər. Bu isə onların gələcəkdə peşəkar  tibb kadları kimi yetişmələrinə yardımçı olacaq.

Ümüdvarıq ki, Gəncə Tibb Kollecinin tələbələri üçün yaradılan bütün imkanlardan tələbələrimiz maksimum istifadə edərək bilikli, bacarıqlı, savadlı bir tibbi kadr kimi yetişərək gələcəkdə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da vətəndaşlara  əsl peşəkar kimi xidmət edə biləcəklər.

 

12.05.2022  [ 14:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024