06.05.2022 – ci il tarixində Gəncə Tibb Kollecində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfrans keçirilmişdir.
Tədbirdə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim – müəllim heyəti və tələbələr iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. O, ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.
Mehman Rzayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən də danışdı.
“Artıq, Azərbaycanın müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir”.
Eyni zamanda, qeyd olundu ki, Vətən müharibəsi dövründə düşmən tərəfindən şəhər və kəndlərimiz, o cümlədən Gəncə şəhəri müxtəlif silahlarla atəşə tutulub, günahsız insanların qanı axıdılıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan xalqı əsl fədakarlıq nümunəsi göstərdi. Bütün dünya Azərbaycan xalqının vətənpərvərliyini gördü.
Heç bir şübhə yoxdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün ümummilli liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edəcək.
Sonra tələbələrin hazırladıqları şerlər, mahnılar dinlənildi.
Sonda ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyyəti və misilsiz xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirildi.