Tədbir Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə təşkil olunub.
Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Əhməd Cavadın ailə üzvləri, idarə, müəssisə rəhbərləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət işçiləri o cümlədən, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim – müəllim heyəti, tələbələr iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (UYD) tərəfindən icra olunan "Rənglənmiş tarix" adlı Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində təşkil olunan sərgiyə baxış keçiriblər.
Sərgi barədə məlumat verən UYD-nin sədri Fərhad Abdulov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşan layihənin məqsədi Şuşa musiqiçilərinə aid sənədli abidələrin qorunması və təbliğidir. Layihə çərçivəsində Şuşa musiqiçilərinə məxsus 25 ədəd ağ-qara fotoşəkil rəqəmsal üsullar ilə bərpa olunub və rənglənib. Şəkillər arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin fotoları yer alıb. Sözügedən şəkillər Azərbaycanın 8 regionunda sərgilənəcək.
Sonra tədbir musiqili proqramla davam etdirilib.
İstiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbirində əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yubiley tədbiri konsert proqramı ilə davam edib. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada və “Göygöl” Dövlət Mahnı və Rəqs ansambıllarının, Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının çıxışları rəğbətlə qarşılanıb. Konsert zamanı istiqlal şairi Əhməd Cavadın şeirlərinə bəstələnən “Çırpınırdın Qara dəniz”, “Gəncədən gəlirəm”, “Şükriyyə”, “Gəncəm, hey!”, “Can, Azərbaycan”, “Sıravi Əhməd” mahnıları ifa olunub.