Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib. O vurğulayıb ki, Azərbaycanın ictimai-siyasi həyatının əlamətdar hadisələrindən biri olan Gənclər Günü ulu öndər Heydər Əliyev tərəfindən təsis olunub və bu Azərbaycan gəncliyinə olan böyük etimadın və diqqətin nümunəsidir: “Ölkə gənclərinin böyük əksəriyyətinin gələcək taleyini Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına bağlayaraq öz potensiallarını nümayiş etdirmək üçün bu təşkilatda geniş meydan görmələri təqdirəlayiq haldır. Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini, təxminən 40 faizini gənclər təşkil edir. Onlar ölkə həyatının bütün sferalarında fəallıq nümayiş etdirir, müəyyənləşdirilən yeni-yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə çalışırlar. Azərbaycan gənci dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən müharibəsində torpaq sevgisinin böyüklüyünü dünyaya nümayiş etdirdilər”.
Kollecin əməkdaşları Gülşən Bağırova, Mətanət Nəbizadə, Esmiralda Abdullayeva, Tibb bacısı (qardaşı) işi ixtisasının I kurs tələbəsi Şəfiqə Ələkbərova Azərbaycanda gənclər üçün yaradılan münbit şəraitdən danışıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırılıb. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazıb.
Sonra Azərbaycan gəncliyi gününə həsr edilən videofilm nümayiş olunub. Sonda YAP sıralarına qəbul olunan tələbələrə partiya biletləri təqdim edilib.