“20 Yanvar Ümumxalq Qəhrəmanlıq və Mübarizlik Günü” Gəncə Tibb Kollecində anılıb. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən kollecin direktoru, əməkdar həkim Mehman Rzayev Azərbaycan tarixinə qəhrəmanlıq və mübarizlik nümunəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrinin 35-ci ildönümü barədə danışaraq vurğulayıb ki, həmin dəhşətli gecədə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədiblər. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, dövlət öz müstəqilliyinə qovuşub:
“Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında hələ o dövrdə bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar”, - deyə M. Rzayev əlavə edib.
Sonra “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarix” mövzusunda Elcan Osmanov, “20 Yanvar Şəhidlərimizi qürur və ehtiramla anırıq” mövzusunda Xədicə Sadıxova çıxış edərək bildiriblər ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilən 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. O da qeyd olundu ki, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar hadisələrinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. Bu qanlı hadisələr ilk hüquqi qiymətin verilməsi isə Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Məhz Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib.
Çıxışlardan sonra tələbələrin ifasında 20 Yanvara həsr olunan şerlər səsləndirilib.
Sonda “20 Yanvar Ümumxalq Qəhrəmanlıq və Mübarizlik Günü” və “Şəhidlər unudulmur” adlı video çarxlar nümayiş olunub.