“Ümumdünya Səhiyyə Təşkilatına görə, sağlamlıq sadəcə xəstəliyin və ya zəifliyin olmaması deyil, eyni zamanda yaxşı fiziki, əqli və sosial rifahdır. Bu səbəbdən faydalı qidaları rasionumuza daxil etmək, aktiv həyat tərzini seçmək, stressin təhlükəsini dərk etməyi və onunla mübarizə aparmağı öyrənmək sağlam həyat üçün atılacaq addımdır. İnsanın sağlamlığı ilk növbədə özündən asılıdır. Vaxtında qarşısının alınması, sağlam həyat tərzi, özünə və başqalarına qarşı məsuliyyətli münasibət sağlamlığın və uzunömürlülüyün qorunması, eləcə də xəstəliklərin qarşısının alınması üçün zəruri şərtlərdir”, - bu fikirləri tələbələrə Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Sağlamlığın qorunması və sağlam qidalanmanın təbliği” mövzusunda keçirilən seminarda həkim- müəllim Sevinc Rzayeva söyləyib.
O əlavə edib ki, sağlam qidalanma, bədənin düzgün işləməsi, xəstəliklərin qarşısının alınması və ümumi həyat keyfiyyətinin artırılması üçün vacib şərtlərdir biridir: “Sağlam qidalanma, bədənimizə hüceyrələri enerji ilə təmin edən əsas qida maddələri - karbohidrat, zülal, yağ verir. İmmin sistemi gücləndirir ki, bu da , bədənin xəstəliklərə qarşı mübarizə qabiliyyətini artırır. Bundan başqa zehni sağlamlığın yaxşılaşdırılması və xroniki xəstəliklərdən qorunmağa, o cümlədən də daha uzun və keyfiyyətli bir həyat yaşamağa töhfə verir. Bədən enerjili və güclü qalır, qocalıqda da bədənin sağlam qalmasına yardımçı olur”.
Həkim-müəllim bildirib ki, sağlam qidalanma prinsiplərinə riayət etmək sağlam həyat tərzinin mühüm tərkib hissəsidir. Belə ki, qəbul etdiyimiz qida sağlamlığımıza böyük təsir göstərir. Xüsusilə fiziki aktivliklə birləşən sağlam qidalanmanın orqanizmə müsbət təsiri elmi şəkildə sübut edilib. Bundan əlavə, sağlam qidalanma uzunömürlülüyü təmin edir və piylənmənin, şəkərli diabetin inkişafının, ürək-damar problemlərinin, hipertoniyanın qarşısını alır. - Qida maddələrinin optimal nisbəti ilə xarakterizə olunan qidalanma balanslaşdırılmış adlanır. Balanslaşdırılmış qidalanma insan orqanizmi üçün gündəlik rasionda zülalların, amin turşularının, yağların, karbohidratların, vitaminlərin optimal nisbətini təmin edir.
Sonda “Sağlam qıda – sağlam həyat” adlı videorolik nümayiş olunub.