GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Uşaq və yeniyetmələr arasında intihar hallarının və məişət zorakılığının qarşısının alınması” mövzusunda mühazirə keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Uşaq və yeniyetmələr arasında intihar hallarının və məişət zorakılığının qarşısının alınması” mövzusunda  mühazirə keçirilib. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə həkim-müəllim Sevinc Daşdəmirova tələbələrə məişət zorakılığı və onun yaratdığı fəsadlardan danışıb. O vurğulayıb ki, məişət zorakılığı cəmiyyətin üzləşdiyi ciddi sosial problemlərdən biridir. Bu, ailə və ya birgə yaşayan insanlar arasında baş verən fiziki, psixoloji, cinsi və ya iqtisadi zorakılığı əhatə edir. Məişət zorakılığının bir çox fəsadları var, bunlar həm fərdi, həm də cəmiyyət səviyyəsində geniş təsirlər yaradır:

“Məişət zorakılığı həm fərdi, həm də cəmiyyə səviyyəsində ciddi fəsadlara yol aça bilir. Fərdi səviyyədə Psixi sağlamlıq problemləri - depressiya, stress, posttravmatik stress pozuntusu, intihar meyillərinin artmasına, Fiziki sağlamlıq problemlərinə - yaralanmalar, xroniki ağrılar və digər ciddi tibbi nəticələrə, həm də özgüvənin itirilməsinə səbəb ola bilir. Cəmiyyət səviyyəsində isə uşaq travmalarına və ailə institutunun zəifləməsinə şərait yaradır. Belə ki, zorakılıq şəraitində böyüyən uşaqlar gələcəkdə eyni davranışları təkrarlama riski daşıyırlar”,-deyə S. Daşdəmirova bildirib.

   Mühazirənin ikinci hissəsi isə uşaq və yeniyetmələr arasında intihar hallarının yaranmasına həsr olunub. Həkim-müəllim intiharların baş vermə səbəblərindən və onlarla mübarizə yollarından danışıb. Qeyd edib ki, intihar ciddi ictimai-sosial və psixoloji problem olmaqla, bir insanın öz həyatına qəsd etməsi ilə nəticələnir. Bu hallar fərdi, ailəvi və cəmiyyət səviyyəsində dərin təsirlər yaradır. İntihar hallarının qarşısının alınması üçün problemin səbəblərini anlamaq və müvafiq tədbirlər görmək vacibdir:

 “İntiharın səbəbləri arasında psixoloji problemlər və sosial amillər ilk sırada durur. Lakin iqtisadi çətinliklər, mədəni və dini amillər, eləcə də sağlamlıqla bağlı problemlər də intihara yol aça bilir. Bu zaman ən vacib məsələ mənəvi dəstək və maarifləndirmədir”,-deyə S. Daşdəmirova vurğulayıb.

  Mühazirənin sonunda “Məişət zorakılığına son” adlı film nümayiş olunub.

10.01.2025  [ 10:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024