Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Sağlamlığın qorunması və sağlam həyat tərzi” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən əziz şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev vurğulayıb ki, sağlam həyat tərzinin təbliği və insanların sağlamlığının qorunması Azərbaycan cəmiyyətində mühüm əhəmiyyət kəsb edir. Həyat keyfiyyətinin artırılması və müxtəlif xəstəliklərin qarşısının alınması məqsədilə ölkədə müxtəlif tədbirlər həyata keçirilir:
“Ümumdünya Səhiyyə Təşkilatına görə, sağlamlıq sadəcə xəstəliyin və ya zəifliyin olmaması deyil, eyni zamanda yaxşı fiziki, əqli və sosial rifahdır". Bu səbəbdən faydalı qidaları rasionumuza daxil etmək, aktiv həyat tərzini seçmək, stressin təhlükəsini dərk etməyi və onunla mübarizə aparmağı öyrənmək sağlam həyat üçün atılacaq addımdır. İnsanın sağlamlığı ilk növbədə özündən asılıdır. Vaxtında qarşısının alınması, sağlam həyat tərzi, özünə və başqalarına qarşı məsuliyyətli münasibət sağlamlığın və uzunömürlülüyün qorunması, eləcə də xəstəliklərin qarşısının alınması üçün zəruri şərtlərdir”,- deyə Rzayev vurğulayıb.
Sonra “Sağlamlığın qorunması və sağlam qidalanmanın təbliği” mövzusunda çıxış edən həkim-müəllim Elnarə Paşayeva sağlam qalmaq üçün tövsiyə olunan qaydalardan danışıb:
“ Sağlamlığımızın qorunması üçün aktiv həyat tərzi keçirmək, iş və istirahət arasında tarazlığı qorumaq, orqanizmi tam bərpa etmək üçün kifayət qədər yuxuya - ən azı 7-8 saat vaxt ayırmaq, qəbul olunan mayenin həcminə nəzarət etmək, onun kifayət qədər miqdarda - gündə ən azı 1,5 litr olması vacibdir. Həmçinin orqanizmi psixo-emosional cəhətdən həddindən artıq yüklənmədən qorumaq və stressli vəziyyətlərdən uzaq olmaq vacibdir. Bundan başqa sağlamlığın qorunması üçün pis vərdişlərdən də uzaq olmaq çox vacibdir”,- deyə həkim-müəllim əlavə edib.
Çıxış edən həkim- müəllim Mehriban Hüseynova “Narkotik və psixotrop maddələrin ziyanı” mövzusunda danışaraq bu kimi vərdişlərin insanların sağlamlığına, cəmiyyətə böyük zərbə vurduğunu bildirib:
“Alkoqol, tütün və narkotik maddələrin istifadəsi bütün sistemlərə, xüsusən də bədənin tənzimləyici sistemlərinə - mərkəzi sinir və endokrinə mənfi təsir göstərir. Bundan əlavə, maddələr mübadiləsi pozulur, mədə-bağırsaq sistemi əziyyət çəkir, iştah da azalır. Bu zərərli vərdişlər həm də insanların psixiliji və mənəvi cəhətdən məhv edir. Bütün cəmiyyətimiz bu kimi hallarla mübarizə aparmalıdır”,- deyə M. Hüseynova qeyd edib.
Sonra çıxış edənlər sağlam cəmiyyət qurmaq üçün erkən nikahların və qohumlar arasında nikahın mənfi nəticələrindən qorunmağın vacibliyini bildirib. Qeyd olunub ki, BMT-in Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, qohum nikahları irsi xəstəliklərin yayılma tempinin 15 faizni təşkil edir. Bunlar arasında ən çox yayılanı talassemiyadır. Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur və onların əksəriyyəti qohum evliliyinin nəticəsidir.
Sonda “Sağlamlığın qorunması və sağlam həyat tərzi” adlı film nümayiş olunub.