Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Uşaq hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən əziz şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev vurğulayıb ki, uşaqlar Azərbaycanın gələcəyidir və hər bir uşaq doğulduğu andan etibarən cəmiyyətin bərabərhüquqlu üzvü hesab olunur:
“Hüquqi dövlət quyuçuluğunda sağlam ruhlu vətəndaşın yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. İnsana, xalqa, dövlətçiliyə münasibətində ciddi, təəssübkeş, insanlığın qaydalarına əməl edən şəxslərin varlığı cəmiyyətin özülü sayılır. Yaxşı insanlar yaxşı cəmiyyət yaradırlar. Buna görə cəmiyyətin əsas özəyi hesab edilən uşaqlarımızı qorumalı, onların hüquqlarına hörmətlə yanaşmalıyıq ki, onlar da elə uşaq yaşlarından özlərini bizim gələcəyimiz və davamçılarımız olaraq əsl vətəndaş hiss edə bilsinlər”,- deyə M. Rzayev əlavə edib.
Sonra həkim-müəllim Şəhla Qasımova “Təhsildən yayınma hallarının qarşısının alınması” mövzusunda çıxış edib. O bildirib ki, uşaqların təhsil almaq hüquqları var və bu hüquqdan onları məhrum etmək cinayətdir:
“Cəmiyyətmizdə az da olsa uşaq əməyindən istifadə edən insanlara rast gəlinir. Elə ailələlər var ki, övladlarını məktəbə oxumaq əvəzinə bir çox yerlərə işləməyə, çörək pulu qazanmaq dalınca göndərirlər. Belə addımlar Azərbaycan qanunvericiliyinə ziddir və belə hallarla qarşılaşdıqda mütləq hüquq-mühafizə orqanlarına müraciət etmək vacibdir. Çünki hər bir uşağın oxumaq, təhsil olmaq hüququ var”, - deyə N. Əsgərova vurğulayıb.
Çıxış edən həkim-müəllim Zarema Hüseynova “Uşaq və yeniyetmələr arasında intihar hallarının, məişət zorakılığının qarşısının alınması” mövzusuna toxunuraq cəmiyyətimizdə bu kimi halların qarşısının alınmasının vacibliyini bildirib. O qeyd edib ki, bu gün məişət zorakılığı, valideynlərin uşaqlara göstərdikləri şiddət, azyaşlılara qarşı təzyiq, onların təhqir və təhdid edilməsi sonra uşaq və yeniyetmələr arasında intihar hallarına gətirib çıxara bilir.
Sonda “Uşaqlar gələcəyimizdir” adlı film nümayiş olunub.