GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin bir qrup tələbəsi mükafatlandırılıb


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin bir qrup tələbəsi Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə şəhid ailələri və veteranlar üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında keçirilən tibbi müayinə aksiyalarında fəal iştirak etdikləri üçün mükafatlandırılıb. YAP Gəncə Təşkilatının rəhbərliyinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən kollecin direktoru, əməkdar həkim Mehman Rzayev canlarını torpaqlarımızın azad olunması uğrunda fəda edən şəhidlərimiz, sağlamlıqlarını Vətənimizin azad olunması uğrunda itirən veteranlarımız daim dövlət qayğısı ilə əhatə olunurlar:

“Bu gün biz hər birimiz ölkəmizin tam suverenliyinin bərpası və işğal altında torpaqlarımızın azadlığı üçün şəhidlərimizə və veteranlarımıza boşluyuq. Hər birimizin mənəvi borcumuzdur ki, öz çalışdığımız sahədə bir vətəndaş kimi bu insanların qulluğunda dayanaq. YAP tərəfindən keçirilən aksiyada kollecimizin tələbələrinin də iştirakı bizi sevindirir. Bizim tələbələr 44 günlük müharibə dövründə də öz bilik və bacarıqları ilə xəstəxanalarımızda və hospitallarda yaralılara xidmət etdilər. Bu qürurvericidir” deyə M. Rzayev əlavə edib.

   Sonra çıxış edən YAP Gəncə Təşkilatının sədri Bayram Aslanov dövlət başçısı İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Xanım Əliyevanın şəhid ailələrinə, veteranlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. O vurğulayıb ki, 23-24 noyabr tarixlərində YAP İdarə Heyətinin üzvü, akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gəncədə keçirdikləri tibbi aksiya da bu qəbildəndir:

“İki gün davam edən aksiya çərçivəsində şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları üçün rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji, həmçinin qarın boşluğunun ultrasəs müayinələri aparılıb. Aksiyada Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri könüllü olaraq çox fəal iştirak ediblər. Onların əziyyətinin qiymətləndirilməsini vacib saydıq” deyə YAP Gəncə təşkilatının sədri vurğulayıb.

   Çıxışlardan sonra tibbi aksiya fəallarına təşəkkürnamələr təqdim olunub.

    Tədbirdən sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində yeni istifadəyə verilən “Gənclər evi”ndə tələbələrin ifasında rəqslər, mahnılar və şeirlər ifa olunub.

16.12.2024  [ 12:45 ]
Bütün hüquqlar qorunur.!  ©  2024