Səhiyyə Nazirliyinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində yeni inşa olunan “Gənclər Evi”nin açılışı baş tutub. Kollecin ictimaiyyətlə əlaqədar şöbəsindən bildirilib ki, tədbirdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Sədri Sərkan Kayalar, TİKA-nın Orta Asiya və Qafqaz ölkələri üzrə dairə rəhbəri Dr. Əli Özgün Öztürk, TİKA-nın Bakı Ofisinin rəhbəri Xeyrəddin Özçelik, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Gürcüstan Respublikasının Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev son illər Azərbaycanda tibbi təhsilin inkişafından, ölkə başçısı Prezident İlham Əliyevin insanların sağlamlığını qorunması məqsədilə tibb müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqlarla təchizatı, o cümlədən tibbi təhsilin yüksəldilməsi üçün yaradılan münbit şəraitdən danışıb. M.Rzayev vurğulayıb ki, son 7 ildə Gəncə Tibb Kolleci Səhiyyə Nazirliyinin dəstəyi ilə yenidən qurulub, yeni müasir avadanlıqlarla təchiz olunan dərs otaqları, laboratoriyalar yaradılıb. Hazırda kollecdə elmin son inkişaf tempini özündə əks etdirən 10 laboratoriya fəaliyyət göstərir:
“Hazırda kollecimizin tələbələri tam təmirli, bütün lazım olan avadanlıqlarla təchiz olunan kabinetlərdə dərs keçirlər. 81 tibbi elmi kitabı özündə birləşdirən elektron kitabxanamız var. Bu gün açılışını etdiyimiz bu Gənclər evində noutbuklar vasitəsilə yüksək sürətli internetin köməkliy ilə gələcəyin orta tibb işçiləri biliklərini artıracaqlar. İstər robot trenajor təlim mərkəzi, istər əcza, kimya - analitik laboratoriyamızda, ortopedik stomatologiya laboratoriyamızda, simulyasiya mərkəzində, laboratoriya diaqnostika və tibbi profilaktika, informasiya texnologiyaları laboratoriyalarında ən müasir avadanlıqlar quraşdırılıb. Bu da təbii ki, yaxın gələcəkdə daha da yüksək ixtisaslı tibb mütəxəssisləri yetişdirməyimizə imkan verəcək. Sevindirici haldır ki, son illərdə tələbələrimizin sayı 1060 nəfərə çatıb, əla qiymətlər alan tələbələrimizin sayı isə 200-dən yuxarıdır. Əvvəllər kollecimizə qəbul balı 100-ə qədər idisə bu il giriş balı 200-dən yuxarı olub. Bu da onu göstərir ki, Gəncə Tibb kollecində təhsilin səviyyəsi il ildən yüksəlir”.
Tədbirdə Gəncə İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Sədri Sərkan Kayalar və digərləri çıxışlar etdilər.
Sonda Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri şeirlər və musiqi nömrələri ilə qonaqlar qarşısında çıxışlar etdilər.
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin ərazisində bünövrəsi 2023-cü ilin noyabrında qoyulan Gənclər evi 500 kvadrat metr ərazini əhatə edir. Müasir havalandırma və isitmə sistemi ilə təchiz edilən binada kompyuterlərin və fibrobtik kabelin köməkliyi ilə tələbələrin yüksək sürətli internetə çıxışı təmin olunub. Gənclər evində həmçinin kollecin müxtəlif dərnəklərinin keyfiyyətli və davamlı fəaliyyəti üçün böyük səhnə quraşdırılıb. Burada müxtəlif musiqi alətləri və peşəkar səsləndirmə sisteminin köməkliyi ilə dərnək üzvləri üçün məşğul olmağa şərait var. Gənclər evinin bütün kompyuterləri Gəncə Tibb Kollecinin mərkəzləşdirilmiş elektron kitabxana bazasına qoşulub ki, bu da həmin bazada elektronlaşdırılmış 81 tibbi tədris vəsaiti yerləşdirilib. Tələbə və müəllimlər öz xüsusi kodlarını yazaraq istənilən dərs vəsaitindən istifadə edə bilirlər.
Yeni inşa edilən binada tələbələrin normal qidalanmaları üçün bütün lazım olan şərait yaradılıb. Belə ki, binada bütün texniki avadanlıqlarla təchiz edilmiş, sanitar gigiyenik qaydalara cavab verən mətbəxə malikdir.
Gənclər evində böyük monitor, səs gücləndirici, müasir isitmə və soyutma sistemləri də istifadəyə verilib.