1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə günü ilə əlaqədar Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Gənclərimizi və gələcəyimizi qoruyaq” adlı tədbir keçirilib.
Toplantıda QİÇS - Qazanılımış İmmun Çatışmamamzlığı Sindromu, onun yayılması, ona qarşı mübarizənin daha da gücləndirilməsi, gənclər arasında informasiya şəbəkəsinin genişləndirilməsi və hüquqi aspektləri barədə danışılıb. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə həkim-müəllim və tələbələr qarşısında çıxış edən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktor müavini Kəmalə İsmayılova hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən birin də qazanılmış immun çatışmazlığı sindromu - QİÇS-in olduğunu vurğulayıb. Qeyd edilib ki, bu virusun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Direktor müavini gənclərin bu ölümcül virusdan qorunmaları üçün maarifləndirilməli olduğunun vacibliyini bildirilib.
Sonra çıxış edən Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Ombudsmanın Qərb regionu üzrə rəhbəri Səbuhi Abbasov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov da xəstəliyin tibbi, sosial aspektlərinin bütün ölkələrdə tədqiq olunduğunu, xəstəliyə tutulanların əksəriyyətinin narkomanlar, alkoqoliklər, qeyri-normal, əxlaqsız həyat tərzi yaşayan kişi və qadınlar olduğunu vurğuladılar.
Respublika QİÇS-lə mübarizə mərkəzinin Gəncə Regional labarotoriyasının həkimi Ülkər Qurbanova QİÇS-in yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsullarından necə istifadə edilməsi haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada QİÇS-ə yoluxma halları durmadan artır. Elə buna görə də xəstəliyin tibbi, sosial aspektləri bütün ölkələrdə tədqiq olunur. İlk növbədə, xəstəliyə tutulanların şəxsiyyəti, nə ilə məşğul olmaları öyrənilir:
“Xəstəliyə tutulanların əksəriyyəti narkomanlar, alkoqoliklər, qeyri-normal, əxlaqsız həyat tərzi yaşayan kişi və qadınlar olurlar. Bəzən isə xəstəliyə günahsız insanlar da özləri bilmədən, diqqətsizlik nəticəsində yoluxurlar. Virus daşıyıcıları ilə yaxından təmasda olmaq, onun əşyalarından istifadə etmək, xəstə donorların qanının istifadəsi, stomatoloq, kosmetoloq və ginekoloqların pasiyentlər haqda məlumatsızlıqları üzündən “virus yükü”nü tutmuş alətlərin istifadəsi zamanı yoluxma halları baş verir” - deyə, Ü. Qurbanova əlavə edib.
Tədbirdə QİÇS-lə bağlı sosial videoçarx təqdim olunub.
Sonda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının əməkdaşları tərəfindən gənclər arasında test aparılıb.