GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kolleci açılış mərasimində


Post Image

Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib.

Mərasimdə Gəncə Tibb Kollecinin direktoru əməkdar həkim Mehman Rzayev, həkim – müəllim heyəti və tələbələr iştirak etmişlər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilmiş, sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd etdi ki,  bu gün ölkəmizin hər yerində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunur. Silahlı Qüvvələrimiz 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində bizə şanlı Qələbəni yaşatdılar. 30 il işğal altında  qalan torpaqlarımızı azad etdilər. Çıxışına davam edən Niyazi Bayramov qeyd etdi ki,  bu bayram günü Gəncə şəhəri üçün digər əlamətdar hadisə ilə də yadda qalacaq. “Qafqaz İslam Ordusunun 1918-ci ildə Gəncədə  qəhrəmancasına şəhid olan 13 mehmetci”yinin əziz  xatirəsinə həsr olunan abidənin açılış mərasimini keçiririk. Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərin əziz xatirəsinə ucaldılan abidə hər iki ölkə arasında olan dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir.  

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, çıxışında bildirdi ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub. Bu münasibətlərin əsasında tarixi bağ dayanır.       Səfir  qeyd etdi ki, Qafqaz İslam Ordusunun  komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 mehmetciyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Cahit Bağçı sözügedən ərazidə ucaldılan möhtəşəm abidənin hər iki dövlət üçün çox böyük tarixi hadisə olduğunu vurğulayıb.

Tədbirdə çıxış edənlər Azərbaycan və Türkiyə arasındakı tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Bildirilib ki, hər iki dövlətin əlaqələri gündən-günə güclənir, möhkəmlənir və daha da dərinləşir.

Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.

Mərasimdə iştirak edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk “Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman mehmetci”yin xatirəsinə ucaldılan abidənin inşasında əməyi keçənlərə təşəkkürnamələr verilmişdir.

 

26.06.2022  [ 14:45 ]
Bütün hüquqlar qorunur.!  ©  2024