Tədbirdə qeyd olunub ki, Azərbaycan son illərdə ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində önəmli addımlar atıb.
Kollecin direktoru, əməkdar həkim Mehman Rzayev iştirakçıları salamlayaraq, bu gün artıq bütün dünyanı narahat edən bir vacib problemin, iqlim dəyişikliyinin, ekoloji problemlərin və alternativ enerji mənbələrindən istifadəsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” və işğaldan azad edilən torpaqlarımızın “Yaşıl enerji” zonası elan edilməsi ölkəmizin bu vacib sahəyə diqqət göstərməsi, yaşıllıqların bərpası, alternativ enerji mənbələrindən istifadənin ekoloji tarazlığın qorunmasında rolu çox vacibdir. Rzayev bildirib ki, bu mövzularda təşkil edilən konfranslar ekoloji problemlərin həlli və dayanıqlı inkişaf mövzusunda maarifləndirmənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir:
“Təbiəti qorumaq və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçid, həm indiki, həm də gələcək nəsillər üçün daha sağlam bir mühit təmin etmək məqsədi daşıyır. Alternativ enerji mənbələrinin təşviqi isə iqlim dəyişikliyi ilə mübarizədə əsas çıxış yollarından biridir. Günəş, külək, su enerjisi kimi mənbələrdən istifadə etmək, təbii sərvətlərin qorunmasına və karbon emissiyalarının azalmasına töhfə verir” deyə kollecin direktoru əlavə edib.
Konfransda çıxış edən kollecin həkim-müəllimləri Zari Etibar və Gülnarə Mustafayeva dünyada hər gün aktuallaşan alternativ enerji mənbələrinin ölkəmizdə geniş tətbiqi, o cümlədən bunun nəticəsində təbii ehtiyatların qorunmasının və ekoloji tullantıların qarşısının alınmasınin önəmindən danışıblar. Qeyd ediblər ki, yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, alternativ enerji mənbələrindən istifadə ekoloji problemlərin həllində mühüm rol oynayacaq.
Tədbirin sonunda “Günəşdən gələn enerji” adlı filmin nümayişi olub.