GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir xalqın inkişafının əsasıdır” mövzusunda konfrans keçirilib


Post Image

Bu gün Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “8 Noyabr Zəfər Günü” münasibəti ilə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir xalqın   inkişafının əsasıdır” mövzusuna həsr edilən konfrans keçirilib. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Ağsaqqallar Şurası və ADAU-nun təşkilatçılığı ilə təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda canından keçən şəhidlərmizin, ümummilli lider Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

   Açılış nitqi söyləyən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə, sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb.

“Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazıldı. Bu tarixi qələbə Azərbaycan xalqının iftixarına və qürur mənbəyinə çevrildi. 44 gündə xalq öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğa” çevrildi və bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüş meydanlarında ordumuz, siyasi arenada diplomatlarımız, informasiya savaşında media nümayəndələrimiz düşmənə layiqli cavablar verdilər. Müharibə dövründə də, sonralar da Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya Azərbaycanın haqq səsini çatdıran müsahibələri düşmənlərimizə layiqli qələbəmizə kölgə salmağa, qara yaxmağa imkan vermədi. Bu tarixi Zəfər bizə qalib bir xalq olmağımızdan qürur duymağa şərait yaratdı”-, deyə çıxışında Mehman Rzayev vurğulayıb.

   Mehman Rzayev onu da əlavə edib ki, Vətən müharibəsində iştirak edən və daim hərbiçilərimzin yanında olan tibb işçiləri, həkimlərimiz də böyük qəhrəmanlıq göstərərək öz həyatları bahasına minlərcə əsgər və zabitlərimizin həyatını xilas etdilər.

“Müharibə dövründə kollecimizin 30 tələbəsi müxtəlif hospital və xəstəxanalarda yaralılarımıza tibbi yardım göstərdi və onların sağlamlığı uğrunda mübarizə aparan böyük tibb işçiləri ordusunun sıralarında oldular. Bütün xalqımız mühabədə qalib gəlməyimiz üçün əllərindən gələn köməklikləri etdilər və Azərbaycan qalib gəldi” deyə direktor bildirib.

   Sonra “İcra Hakimiyyətinin gənclərə qayğısı” mövzusunda  çıxış edən Gəncə İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov 44 günlük müharibə zamanı şəhidlik zirvəsinə ucalan gənclərimizlə və öz sağlamlıqları bahasına qələbəyə nail olan veteranlarımızla hər birimizin qürur duyduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, ölkə başçısı, Ali Baş komandan İlham Əliyevin qeyd etdi kimi hər kəs şəhid ailələrinə və qazilərə, müharibə veteranlarına böyük hörmətlə yanaşmalı və diqqət, qayğı göstərməlidirlər.

  Çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sərdi, professor Nurəddin Məmmədov Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin müəllim və kollektivini, Qarabağ müharibəsi veteranlarını Zəfər günü münasibətilə təbrik etdi. Natiq vurğuladı ki, kollecin rəhbərliyi və  kollektivi istər Vətən müharibəsi dövründə, istərsə də digər zamanlarda Azərbaycanın ictimai-siyasi həyatında aktiv iştirak edir:

“Gənclər istər müharibə dövründə, istərsə də indiki zamanda ölkəmizdə gedən bütün proseslərdə aktiv iştirak edirlər. Biz Ağsaqqallar Şurası olaraq mütəmadi olaraq Gəncədə müxtəlif təhsil müəssisələrində oluruq, görüşlər keçiririk. Gənclərimizin belə aktiv və yüksək intellektual səviyyədə olmaları bizi sevindirir. Bu gün Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində tələbələr üçün yaradılan şərait məni sözün yaxşı mənasında çox təəcübləndirib. Sizi inandırıram ki, bu təhsil müəssisəsində olan laboratoriyalar, robot-trenajor təlim mərkəzi, xüsusi texnika və avadanlıqlarla təchiz olunan kabinetlər, elektron lövhələr beynəlxalq səviyyədən xəbər verir. İnanıram ki, bu kolleci bitirən tibb işçiləri yüksək biliyə və qabiliyyətə malik olacaqlar” deyə N.Məmmədov əlavə edib.

    Çıxışının sonunda Gəncə Şəhər Ağsaqqallar Şurasının sərdi, professor Nurəddin Məmmədov 8 Noyabr Zəfər günü münasibətilə kollecin kollektivini, veteranları təbrik və Gəncə Tibb Kollecinin direktoru M. Rzayevə şura tərəfindən təltif edilən diplomu təqdim edib.

    Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elcan Qurbanov çıxış edərək tədbir iştirakçılarını Zəfər Günü bayramı münasibətilə təbrik etdi. O bildirdi ki, Gəncə Tibb Kollecində təhsil alan  44 günlük Vətən müharibəsi veteranları Şura tərəfindən mükafatlandırılır və bundan əlavə onlara bayram günlərində sanatoriyada dincəlmək üçün göndərişlər veriləcək. 

    Çıxış edən Gəncə Tibb Kollecinin tələbəsi, Vətən müharibəsi veteranı Nemət Əhmədov bütün Qarabağ veteranları adından diqqət, qayğıya görə öz minnətdarlığını bildirib:

“44 gün az müddət səslənsə də çox böyük bir şərəf yolu oldu. Biz həmin müharibədə iştirak edən hər kəs qürur duyur. Şəhid qardaşlarımızın ruhu şad olsun. Həmin o çətin günlərdə bütün Azərbaycan xalqı Ali baş komandanın ətrafında bir “Dəmir yumruq” kimi birləşdi və biz qələbə qazandıq. Mən də bütün xalqımız, hər biriniz təbrik edirəm” deyə N.Əhmədov əlavə edib.

   Çıxışlardan sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələrinin ifasında mahnılar, şerlər səsləndirilib. Sonra kollecin himninə çevrilən "Azərbaycan" mahnısı qonaqların alqışlarına səbəb olub.

07.11.2024  [ 10:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024