GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində QİÇS-lə bağlı maarifləndirici tədbir keçirilib.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində QİÇS-Qazanılımış İmmun Çatışmamamzlığı Sindromu ilə bağlı maarifləndirici tədbir keçirilib. Toplantıda QİÇS-in yayılması, ona qarşı mübarizənin daha da gücləndirilməsi, gənclər arasında informasiya şəbəkəsinin genişləndirilməsi və hüquqi aspektlər barədə danışılıb. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə həkim-müəllim və tələbələr qarşısında çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri Ülkər Qurbanova QİÇS-in yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsullarından necə istifadə edilməsi haqqında geniş məruzə ilə çıxış edib. O vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada QİÇS-lə yoluxma halları durmadan artır. Elə buna görə də xəstəliyin tibbi, sosial aspektləri bütün ölkələrdə tədqiq olunur. İlk növbədə, xəstəliyə tutulanların şəxsiyyəti, nə ilə məşğul olmaları öyrənilir.

 “Xəstəliyə tutulanların əksəriyyəti narkomanlar, alkoqoliklər, qeyri-normal, əxlaqsız  həyat tərzi yaşayan kişi və qadınlar olurlar. Bəzən isə xəstəliyə günahsız insanlar da özləri bilmədən, diqqətsizlik nəticəsində yoluxurlar. Virus daşıyıcıları ilə yaxından təmasda olmaq, onun əşyalarından istifadə etmək, xəstə donorların qanının istifadəsi, stomatoloq, kosmetoloq və ginekoloqların pasiyentlər haqda məlumatsızlıqları üzündən “virus yükü”nü tutmuş alətlərin istifadəsi zamanı yoluxma halları baş verir” deyə Ü. Qurbanova əlavə edib.

 Tədbirdə QİÇS-lə bağlı sosial videoçarx təqdim olunub.

   Sonda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının əməkdaşları tərəfindən gənclər arasında test aparılıb.

06.11.2024  [ 09:35 ]
Bütün hüquqlar qorunur.!  ©  2024