Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində II Qarabağ müharibəsində Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” adlı konfrans keçirilib. Kollecin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə Azərbaycanın Dövlət Himni və torpaqlarımızın azadlığı uğrunda canın keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev Azərbaycan tarixinin ən şərəfli və qızıl hərflərlə yazılan Qarabağ Zəfərindən danışıb. Natiq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müraciətindən sonra xalqımız “Dəmir Yumruq” ətrafında sıx birləşdi, haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızı canı, qanı bahasında olsa da azad edib.
“Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etməyə başlayıb. İkinci Qarabağ müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə II Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başladı və sonra Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Torpaqlarımız azad olundu və gün Qarabağda və Şərqi Zəngəzurda böyük sürətlə yenidənqurma və tikinti işləri gedir. Azad olunan şəhər və kəndlərimiz yenidən qurulur. Artıq həmvətənlərimiz öz ata–baba yurdlarına qayıdırlar. Bu tarixi qələbədir” - deyə M.Rzayev əlavə edib.
Sonra çıxış edən kollecin həkim-müəllimləri, tələbələri işğaldan azad olunan və ölkə başçısı İlham Əliyevin sərəncamı ilə şəhər günləri qeyd edilən Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər şəhərləri haqqında danışıblar. Qeyd olundu ki, bu gün bütün azad olunmuş ərazilərdə infrastruktur bərpa olunur, yeni məktəblər, xəstəxanalar, yaşayış evləri tikilir. Bir zamanlar zorla öz dədə-baba yurdlarından didərgin salınan soydaşlarımız evlərinə, doğma torpaqlarına qayıdırlar. Çıxış edənlər azad edilən torpaqların flora və faunasından, qədim abidələrəindən, tarixi şəxsiyyətlərindən danışıblar.
Vurğulandı ki, bu gün Azərbaycan dövləti qalib dövlətdir və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü tarixi ədalətin təntənəsidir. Xalqın "dəmir yumruq"da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirib.
Sonra kollecin tələbələrinin ifasında Qarabağa və azad edilən torpaqlarımıza həsr olunan şerlər, mahnılar səsləndirilib.
Konfrans “Azad Qarabağa böyük qayıdış” adlı sənədli filmin nümayişi ilə sona çatıb.