GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində valideynlərlə görüş keçirilib.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində kollecin 1-ci kurs tələbələrinin valideynləri ilə görüş keçirilib. Qonaqları salamlayan tədris müəssisəsinin direktoru, Əməkdar həkim Mehman Rzayev valideynləri kollecdə tələbələrin yüksək təhsil almaları üçün yaradılan şəraitlə, tədris otaqları və laboratoriyalar, kitabxana, robot-trenajor kabinetləri ilə tanış edib. Vurğulanıb ki, Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində yüksək səviyyədə bilik almaq üçün bütün lazımi şərait yaradılıb.

“Kollecimizdə tam təmirli və bütün zəruri avadanlıqlarla təchiz olunan sinif otaqları, peşəkar səviyyədə texniki vasitələri olan laboratoriyalar tələbələrimizin ixtiyarına verilib. Otaqlarda smart lövhələr quraşdırılıb, fibrobtik kabellərlə yüksək sürətli internetlə təchiz olunub. Kollecimizdə fəaliyyət göstərən həm elektron, həm də ənənəvi kitabxanada tələbələr öz biliklərini artıra bilərlər. Kollecin binasında quraşdırılan müasir istilik sistemi qış mövsümündə və soyuq aylarda tələbələrimizin isti kabinetlərdə rahat şəraitdə təhsil almalarına imkan yaradır”,-deyə M. Rzayev əlavə edib.

   Kollecin direktorunun sözlərinə görə, tədrisdən kənar Tələbə Gənclər təşkilatının xətti ilə tələbələr üçün həkim-müəllimlərin iştirakı ilə nitq, ünsiyyət, süfrə, geyim, nəqliyyat, davranış, yemək, telefon və digər mədəniyyətlərin aşılanması üçün xüsusi məşğələlərin təşkil edilməsi ilə yüksək mədəniyyətə və biliyə malik, peşəkar tibb işçilərini hazırlamaqla yanaşı, həm də əsl vətəndaş yetişdirmək əsas məqsədlərdən biridir. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi, onların keyfiyyətli qidalanması və eyni zamanda yüksək sürətli internetdən istifadə edərək kompüter vasitəsilə dərslərinin hazırlanması məqsədilə tələbə kafesinin yaradıldığını deyən direktor müəssisədə tələbələrin yüksək bilik əldə etməsi üçün bütün lazımi şəraitin olduğunu vurğulayıb.

   Görüşdə qeyd olunub ki, kollec təhsil müəssisəsini yüksək qiymətlərlə bitirən bilikli və bacarıqlı məzunların gələcəkdə işlə təminatı məsələsini də prioritet hesab edir. Bu il məzun günündə kollecdə regionda fəaliyyət göstərən işə götürənlərin iştirakı ilə tələbələr üçün əmək yarmarkasının da təşkil olunacağı bildirilib.

    Sonra valideynlərin fikir və təklifləri dinlənilib. Onlar öz növbələrində yaradılan yüksək şəraitə görə dövlət başçısına öz münnətdarlıqlarını bildiriblər. Ümumilikdə o da vurğulanıb ki, bilikli və bacarıqlı tibb işçisi yetişdirmək üçün tədris müəssisəsi ilə yanaşı valideynlər də övladlarının yaxşı oxumalarına nəzarət etməlidirlər.

15.10.2024  [ 11:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024