Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində könüllülük fəaliyyəti və onun təbliği mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 2 saylı Gəncə regional Asan Xidmət Mərkəzinin nümayəndələri də iştirak ediblər. Görüşdə, ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsət aldığı qeyd edilib, gənclərin bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, könüllülük Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz hesab olunan fəaliyyət növüdür. Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Buna görə də, könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. Tədbir zamanı Könüllük ilə bağlı film nümayiş olunub.
Tədbirdə kollecin gəncləri fəal olmağa, könüllülük fəaliyyətinə qoşulmağa dəvət edilib.