Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin kollektivi “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbirdə iştirak edib.
Gəncədə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib. "Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında keçirilən tədbirdə Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin müəllim və tələbə heyəti də iştirak edib.
Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkədə ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Məhz bu uğurlu ekoloji siyasətin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, bitki örtüyü, yüzlərlə parkı, qoruğu var. Xüsusilə milli parklara, yaşıllıqlara, qoruqlara ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir.
Tədbirdə ölkə ərazisindəki 10 milli park öz stendləri ilə təmsil olunub. Ziyarətçilər xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı məlumatlandırılıblar. Milli parklara aid videoçarxlar, ekoturizm marşrutları nümayiş etdirilib.
Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin yetirmələrinin milli parklara aid rəsm əsərlərindən ibarət sərgi təqdim edilib. Bununla yanaşı, “Xəmsə” Uşaq Rəqs Ansamblının, Uşaq İncəsənət Məktəbinin nağara ifaçıları ansamblının üzvlərinin çıxışaları, həmçinin solist Əli Məmmədovun ifası böyük maraqla qarşılanıb.