Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev tibb təhsili almaq üçün kollecə qəbul olan tələbələrlə sentyabrın 30-da görüş keçirib. Tədbirdə tələbələrlə yanaşı tibbi təhsil müəssisəsinin həkim - müəllim heyəti də iştirak edib. Görüşdə yeni tələbə adını qazananları salamlayan Mehman Rzayev onlara dərslərində və gələcək təhsil karyeralarında uğurlar arzulayıb. Kollecin direktoru vurğulayıb ki, bu gün dövlətimiz tərəfindən səhiyyənin və tibbi təhsilin inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb:
“93 ildir fəaliyyət göstərən kollecimiz son illərdə yüksək səviyyədə təmir olunub və müasir avadanlıqlarla, texniki vasitələrlə təchiz olunub. Bildiyiniz kimi hazırda 7 ixtisas üzrə tələbələr hazırlanır. Hazırda çox yüksək texniki təminatı olan laboratoriyalarda tələbələrimizə tibbi biliklərə dərindən yiyələnmək üçün imkanlar var. Maddi-texniki bazanın gücləndirilməsi ilə təhsilin səviyyəsinin artırıldığı kollecimizdə ötən illərlə müqayisədə əlaçı və zərbəçi tələbələrimizin sayında nəzərə çarpacaq dərəcədə artım var. Bu bizi sevindirir. Gələcəkdə Gəncə Tibb Kollecində təhsilin səviyyəsini daha da yüksəltmək üçün yeni tədbirlər planı işləyib hazırlamışıq. Növbəti tədris ilindən kollecimiz beynəlxalq əlaqələri daha da inkişaf etdirmək, yetirmələrimizin bilik və bacarığının daha da artırılması istiqamətində işlərimizi təkminləşdirmək arzusundayıq. Bu gün sevindirici haldır ki, artıq bizim kollecimizi bitirən məzunlarımızın səsləri nəinki Gəncənin, həmçinin Azərbaycanın bütün tanınmış tibb müəssisələrindən gəlir” - deyə, Mehman Rzayev əlavə edib.
Kollecin maddi texniki bazasının tam müasirləşdiyini vurğulayan direktor əlavə edib ki, bu gün kollecdə tibbi təhsilin sirlərinə yiyələnmək, tibbi elmin dərinliklərini bilmək, müasir texnologiyalardan istifadə etməklə ən son yenilikləri öyrənmək üçün münbit şərait yaradılıb. Elektron və ənənəvi kitabxana, müasir texnologiyalarla və ən son model avadanlıqlarla təchiz edilən laboratoriyalar, yüksək sürətli internet və elektron lövhələrlə təmin olunan dərs otaqları, təcrübəli və ixtisaslaşmış həkim-müəllim kollektivi, dərslərin təşkilində və davamiyyətin təmin olunmasında yaradılan qayda qanun tələbələrin peşəkar bir tibb işçisi kimi yetişməsinə zəmin olacaq.
Direktor onu da qeyd edib ki, kollecin, həkim-müəllim kollektivinin, tələbələrin qarşısında duran əsas vəzifələrindən biri gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır:
“Bu gün bizim kollecimizdə tələblər yalnız tibb elminin dərinliklərini deyil, həm də gənclər təşkilatının xətti ilə, həkim-müəllimlərin iştirakı ilə nitq ünsiyyət, süfrə, geyim, nəqliyyat, və digər mədəniyyətlərin aşılanması üçün dərsdən kənar xüsusi məşğələlərin təşkil edilməsi ilə yüksək mədəniyyətə və biliyə malik tibb işçilərini yetişdirmək istəyirik” deyə kollecin rəhbəri vurğulayıb.
Mehman Rzayev bildirib ki, kollec təhsil müəssisəsini yüksək qiymətlərlə bitirən bilikli və bacarıqlı məzunların gələcəkdə işlə təminatı məsələsini də prioritet hesab edir. Direktor bu il məzun günündə kollecdə regionda fəaliyyət göstərən işə götürənlərin iştirakı ilə tələbələr üçün əmək yarmarkasının da təşkil olunacağını bildirib.