GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Anım günü ilə bağlı konfrans keçirilib


Post Image

Sentyabrın 26-da Gəncə Tibb Kollecində Anım günü ilə əlaqədar konfrans keçirilib. Tədbirdə kollecin həkim-müəllim və tələbə kollektivi iştirak edib. Konfrans ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Giriş sözü ilə çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşdiyini, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başlayan Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın əzm və iradəsindən, birlik və həmrəylindən danışıb. O vurğulayıb ki, rəşadətli Azərbaycan ordusu Ali baş komadanın rəhbərliyi altında 30 il erməni işğalı altında olan torpaqlarımızı azad edib, şəhidlərimizin qanı hesabına, əsgər və zabitlərimizin canı bahasına Azərbaycanın şərəf tarixinə qızıl hərflərlə “Zəfər” sözünü yazdılar:

   “Bu gün hər birimiz alnı açıq, üzü ağ, qalib ölkənin vətəndaşları kimi qəlbimizdə 30 illik niskili atmışıq. İndi artıq Qarabağ Azərbaycandır. Şəhidlərimiz Qəhrəmandır. Vətən uğrunda canından keçən hər bir Azərbaycan övladı bizim ali qürur mənbəyimizdir. İllər ötəcək, Azərbaycan günü gündən inkişaf edəcək. Bu gün öz qanları ilə tarix yazan qəhrəmanlarımız daim qəlblərimizdə yaşayacaqlar. Onların hər birinin həyatı bizim üçün örnəkdir. Şəhidlər ölmür, onlar ən ali mərtəbəyə yüksələrək qəlblərdə, tarixlərdə yaşayırlar”- deyə, M.Rzayev əlavə edib.

    Sonra çıxış edənlər vurğulayıb ki,  27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişib. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazıb və şəhidlərimizin qisası alınıb. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs salıb. Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib. Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər həlak olub, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

   Konfrans çərçivəsində tələbələr Anım günü ilə bağlı şeirlər   səsləndirdilər.

   Tədbirin sonunda “Anım Günü Zəfər aparan yol” adlı qısa metrajlı film nümayiş olunub.

26.09.2024  [ 00:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024