Sentyabrın 3-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əhatə etdiyi ümumtəhsil orta məktəblərinin 2, 5, və 6-cı sinif rəhbərləri üçün kurs məşğələləri keçirilib. Yeni Azərbaycan Partiyasının Gəncə şöbəsinin akt zalında 500 nəfər müəllim üçün təşkil edilən tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin həkim- müəllim heyəti də iştirak edib, ilk tibbi yardım və fövqəladə hallar zamanı göstərilə biləcək ilk yardım barədə məlumatlar vermişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşı , polkovnik-leytenant Bəhayi Nəsirov ilk olaraq əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması istiqamətində aparılmalı olan işlərdən, o cümlədən hər bir vətəndaşın fövqəladə hallar zamanı həyata keçirə biləcək ilkin tibbi yardımı bilməsinin vacibliyindən danışdı. Nəsirov vurğuladı ki, FHN-nin əhalinin mühafizəsində rolu, Mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolunun böyük olduğunu vurğuladı. O fövqəladə hallar zamanı fərdi mühafizə vasitələrinin istifadə qaydaları barədə geniş izah verib və bu zaman düzgün davranış qaydalarını göstərib.
Tədbirdə söz alan Gəncə Tibb Kollecinin Mülki Müdafiə qərargah Mühəndisi Sevda Abbasova FHN-nin Gəncə regional mərkəzi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin səmərəli əməkdaşlığından söhbət açaraq bu işdə Gəncə Regional Mərkəzinin rəisi və Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevin əməyini xüsusi vurğulamışdır. S. Abbasova bundan öncə də dəfələrlə FHN-nin Gəncə regional mərkəzinin maarifləndirici tədbirlərində iştirak etdiyini qeyd edib.
Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin həkim-müəllimləri Mehparə Quliyeva və Nigar Nəbiyeva İlk Tibbi Yardım zamanı Epileptik tutmalar, Zəhərlənmələr, Cərəyanvurma, Travmalar, Qanaxmalar, Yanıqlar , uşaqlarda və körpələrdə hava yolunun tıxanmasından, CPR tədbirləri - Təməl həyat dəstəyi haqqında məlumatlar verib və iştirakçılara bütün prosesləri robotlar üzərində əyani olaraq göstəriblər. Həkimlərimizin geniş izahı auditoriyanın tam marağına səbəb olub və onları maraqlandıran sual-cavablar edilmişdir.