Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, MGM Group və “HAKAS” şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində “Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi” adlı konsert proqramı təçkil olunub. Konsertdə qonaq qismində Türkiyənin məşhur ifaçısı, bəstəkar Uğur İşılak çıxış edib.
Konsertdə Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim- müəllim heyəti, tələbələr iştirak etmişlər.
“Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi” adlı konsert proqramı torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Konsert proqramından əvvəl Uğur Işılak Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Türkiyədən gələn qonaqlar iştirak ediblər.
Niyazi Bayramov Uğur Işılakı salamlayaraq bildirib ki, Azərbaycan – Türkiyə münasibətləri tarixi köklərə və qardaşlığa söykənir. İki ölkə arasında bir çox sahədə, o cümlədən mədəniyyət sahəsində də qarşılıqlı əlaqələr mövcuddur. O qeyd edib ki, bu gün keçirilən “Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi” adlı konsert proqramı da məhz bu əlaqələrin bariz nümunəsidir.
Uğur Işılak öz növbəsində səmimi görüş üçün şəhər rəhbərinə dərin təşəkkürünü bildirib. Gəncə şəhərinə ilk səfəri olduğunu vurğulayan müğənni, burada konsert proqramı ilə çıxış edəcəyindən məmnunluq hissi duyduğunu söyləyib.
Daha sonra Uğur Işılak Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı əraziyə baş çəkib, burada həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüb.
Bununla yanaşı, qonaq Nizami Gəncəvi Məqbərəsini və Nuru Paşa ev Muzeyində olub.