Gəncə şəhəri Şəhidlər xiyabanında keçirilən anım mərasimində Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev basda olmaqla bir qrup müəllim və tələbə heyəti iştirak etmişlər. Şəhidlər xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə gələrək onların əziz xatirəsini yad ediblər.
Gəncənin Şəhidlər xiyabanında gerçəkləşən tədbirdə əvvəlcə rəsmilər,o cümlədən, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev basda olmaqla bir qrup müəllim və tələbə heyəti, Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirib. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür. Gəncə şəhəri Vətən müharibəsi dövründə 96-sı hərbi, 26-sı mülki olmaqla, 122 şəhid vermişdir. Xalqımız mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Mərasimdə məktəblilərin ifasında vətənpərvərlik mövzusuna aid şeirlər səslənib, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.
Daha sonra Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Daha sonra Gəncə Tibb Kollecinin kollektivi, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət etmiş, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçirərək, onların xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzmüşlər.
Silsilə tədbirlərin davamı olaraq Nizami Gəncəvi məqbərəsinin ərazisində Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası gerçəkləşib. Aksiyada, şəhərin iqlim şəraitinə uyğun olan Eldar şamı, küknar və şam ağacları əkilib.