Sentyabrın 6-da TİKA - Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinın təşkilatçılığı ilə Türkiyəli tələbələrin Azərbaycana səfəri təşkil olunub. Gənclərlə qarşılıqlı əlaqə və təcrübə mübadiləsi üçün zəmin yaradılması proqramı çərçivəsində qonaqlar Gəncə Tibb Kollecində də olublar. Səfər çərçivəsində türkiyəli tələbələrə kollec haqqında məlumat verən Mehman Rzayev qonaqlara Gəncənin qədim tarixi, kollecin yaradılmasından bu günədək keçdiyi yoldan söhbət açıb. Qonaqların diqqətinə çatdırılıb ki, artıq 90 yaşı olan tibb təhsil müəssisəsi son 5 ildə öz intibah dövrünü yaşayır. Belə ki, bu müddətdə kollecin binası əsaslı təmir olunub və bütün lazımi şəraitlə və invertarlarla təchiz olunub. M. Rzayev onu da vurğulayıb ki, hazırda 10 müasir texnologiyalarla təmin olunmuş laboratoriya tələbələrin ixtiyarına verilib.
Qonaqlar kollecdə olan laboratoriyalarla yaxından tanış olmuş, orada olan robot-manikenlər üzərində keçirilən tədris prosesini yaxından izləyib, həkim-müəllimlərin köməkliyi ilə özləri praktik olaraq proseslərdə iştirak ediblər. Türk tələbələrin diqqətinə çatdırılıb ki, bu müəssisənin bütün otaqları lazımi invertarlarla, smart lövhələrlə, ən son model kompyuterlərlə, sonuncu nəsil mikroskoplarla, analizatorlarla, klinik və biokimyəvi analizlərin aparıla bilməsi üçün lazım olan ən son avadanlıqlarla təchiz olunub.
Kolleclə tanışlıqdan sonra qonaqlar Gəncə Tibb Kollecinin həyətində hərəyə bir ağac əkdilər. Bildirildi ki, bu ağacların üzərində onu əkən türk tələbənin adı qeyd olunacaq və bu bir tarix kimi xatırlanacaq.
Sonda qonaqlarla xatirə şəkli çəkdirildi