GƏNCƏ TİBB KOLLECİ

Nəqliyyat mədəniyyəti


Post Image

24.11.2022 – ci il tarixində Gəncə Tibb Kollecində “İctimai nəqliyyatda davranış qaydaları” mövzusunda görüş keçirilmişdir.

Görüşdə Gəncə Tibb Kollecinin direktoru  Mehman Rzayev, həkim- müəllim heyəti və tələbələr iştirak edirdilər.

Tələbələrin çıxışları dinlənildi. Daha sonra Tələbə Gənclər Təşkilatının fəal tələbələrinin hazırladığı videofilm nümayiş olundu.

Gündəlik həyatımızda müxtəlif nəqliyyat vasitələrindən davamlı olaraq istifadə edirik. İctimai nəqliyyatda hər bir sərnişinin əməl etməli olduğu müəyyən davranış qaydaları var. Bütövlükdə ictimai nəqliyyatda davranış qaydaları bütün insanlar üçün eyniyyət təşkil edir.

İctimai nəqliyyatda davranış qaydalarına laqeydlik əxlaqi dəyərlərin də oturuşmasını əngəlləyir. Müşahidələr göstərir ki, davranış qaydalarının ən çox pozulduğu yerlərdən biri ictimai nəqliyyat sahəsidir. Hər hansı bir ictimai nəqliyyat növünə daxil olarkən riayət qaydalarına əsasən uşaqlar, qadınlar və qocalar, eləcə də əlillər ilk növbədə daxil olmalıdırlar.

İctimai nəqliyyatda  davranış qaydalarına həm mədəni, həm də mənəvi baxımdan riayət edilməlidir. Nəzakətli olmaq, aqressiv olmamaq, insanlara və özündən böyüklərə hörmət etmək lazımdır. Məsələn, avtobusdan düşərkən və ya minərkən qarşıdan gələn sərnişini tələsdirməmək, hətta onu rahat şəkildə düşməyə imkan vermək, avtobus hərəkət edərkən digərlərinə toxuna biləcək əşyalar daşımamaq məsləhətdir. Bəzən dayanacaqda olan sərnişin görür ki, avtobus kifayət qədər sərnişinlə doludur. Lakin buna baxmayaraq sərnişin  böyük bir əşya ilə avtobusa daxil olur və bu da digər sərnişinləri narahat edir, müəyyən olunmuş çərçivədən kənara çıxır. Və hər hansı bir nəqliyyat hadisəsi baş verərsə, bu zaman digər sərnişinlərə ziyan vermiş olur.  

Yol hərəkət qanunlarında sürücülərin və sərnişinlərin üzərində olan vəzifələr var. Sərnişinlərə aid qanunları oxuduqda onların hansı vəzifələrə malik olduğunu və eyni zamanda nəqliyyatdan istifadə edərkən hansı qaydalara əməl etməli olduğunu da görmək mümkündür.

Pandemiya səbəbi ilə dövrümüzün əsas problemlərindən biri də ictimai nəqliyyatda insanlar arasında sosial məsafəni qorunması ilə əlaqədar məsələlərdir. Həqiqətən məcbur olub ictimai nəqliyyatdan istifadə edən şəxslərin mütləq əməl etməli olduqları məsələ sosial məsafədir. Əvvəlki kimi nəqliyyatda hər hansı bir tanış gördükdə əllə salamlaşmaq, öpüşmək və ya qucaqlaşmaq lazım deyil. Karantin qaydaları müəyyən qədər yumşaldılsa belə, yenə də ictimai nəqliyyatda maskadan istifadə, təmizliyə riayət edilməlidir.

İctimai nəqliyyatdan istifadə qaydalarını pozmaqla insan yalnız özünün deyil, digərlərinin də həyatı üçün təhlükə yaratmış olur. Ona görə də qaydaları pozmamağa və bununla da təhlükə yaratmamağa diqqət edilməlidir.

 

24.11.2022  [ 16:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024