GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində konfrans


Post Image

16.11.2022 – ci il tarixində Tələbə Gənclər Təşkilatının xətti ilə Gəncə Tibb Kollecində “nitq mədəniyyəti”  mövzusunda konfrans təşkil edilmişdir. Konfransda müəllimlər və kollecin tələbələri iştirak edirdilər. Tələbələr nitq mədəniyyəti haqqında çıxışlar edib, videoçarx nümayiş etdirdilər.

Nitq mədəniyyəti dedikdə hər şeydən əvvəl, filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını elmi əsasda öyrənən  sahəsi nəzərdə tutulur. Nitq mədəniyyəti anlayışından bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.

Nitq mədəniyyətinin konkret predmetini  müəyyənləşdirmək (məsələn, fonetika,qrammatika və s. predmeti kimi) çox çətindir və bu sahə bir növ predmetsiz sahədir.  Çünki burada bu və ya digər dil faktı, hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir.

Nitq mədəniyyəti  milli mədəniyyətin tərkib hissəsidir. Millətin  mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün birinci növbədə nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi tələb olunur.

Nitq mədəniyyətinin əsas şərti vardır, nitqin düzgünlüyü, nitqin dəqiqliyi, nitqin ifadəliliyi.

Nitq forması o zaman düzgün hesab  olunur ki, orada dilin fonetik, qrammatik, leksik və s. qayda-qanunlarına əməl olunsun. Nitq mədəniyyətinin birinci şərti odur ki, nitq düzgün olmalıdır. Məsələn, qapını vurmaq düzgün deyil, qapını örtmək düzgündür.

Nitqin dəqiqliyi fikrin ifadəsi üçün tələb olunan sözü, ifadəni və ya cümləni tapmaqla müəyyən edilir. Məsələn, Qış gəlir düzgündür, ancaq dəqiq deyil. Qış düşür həm  düzgün, həm də dəqiqdir.

Nitqin  ifadəliliyi ən müvafiq, ən uğurlu dil vasitəsini tapıb işlətmək deməkdir. Nitqin ifadəliliyini onun dəqiqliyindən  fərqləndirmək çox da asan deyil. Məsələn, “O, ömrünü boş-boşuna keçirdi” cümləsi həm düzgün, həm də dəqiqdir, ancaq ifadəli deyil. “O,ömrünü yelə verdi” isə daha ifadəli və gözəldir.

Şəxsiyyətin nitq mədəniyyəti onun dil normalarını nə dərəcədə yaxşı bilməsi ilə xarakterizə olunur.

İnsanın nitq mədəniyyəti onun perspektivi, estetik qavrayışı və dünyagörüşü, o cümlədən, şəxsiyyətin mənəvi zənginliyi və ayrılmaz daxili mədəniyyəti ilə bilavasitə bağlıdır.

 

16.11.2022  [ 16:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024