Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ümumşəhər tədbiri keçirilib. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, o cümlədən,Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev və həkim- müəllimlər iştirak etmişlər.
Əvvəlcə Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 9 Noyabr – Dövlət Bayrağı Gününün tarixinə nəzər salıb, bayrağın bir xalq və dövlət üçün önəmindən danışıblar. Vurğulanıb ki, bayraq mənlikdir, bayraq namusdur, şərəfdir, bir dövlətin var olma səbəbidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” fikrini xatırladan çıxışçılar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti ilə 30 illik Vətən həsrətinə son qoyulduğunu qeyd ediblər. Bildirilib ki, bu gün üçrəngli dövlət rəmzimiz qalib ədası ilə əzəli və əbədi torpaqlarımız olan Qarabağın səmalarını bəzəyir.
Tədbirin davamında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, F.Əmirov adına Xalq Çalğı Alətləri Ansamblının ifasında konsert proqramı təqdim olunub.