Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi çərçivəsində YAP Gəncə şəhər təşkilatının 8 saylı (Gəncə Tibb Kolleci) ərazi partiya təşkilatında partiya sıralarına qoşulmaq istəyən tələbələrlə görüşü keçirilib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim, ərazi partiya təşkilatının sədri Mehman Rzayev, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş tələbələr iştirak etmişlər.
YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov bu günkü görüşün əlamətdar bir dövrə təsadüf etdiyini qeyd edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə iştirakçıları təbrik etmişdir. Partiyanın yaradılmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu bildirən Nurəddin İbrahimov vurğulayıb ki, regionun ən böyük partiyası Azərbaycanın uğurlu gələcəyi, inkişafı və dövlətçiliyimizin qorunması naminə 30 ildir ki, uğurla fəaliyyət göstərir.
Ölkə vətəndaşlarının, xüsusilə gənclərin YAP-a üz tutmasını düşünülmüş və məqsədyönlü addım kimi qiymətləndirən Nurəddin İbrahimov YAP sıralarının ildən-ilə daha da genişləndiyini diqqətə çatdırıb, gəncləri bu inamlı qərarları münasibətilə təbrik etmişdir.
Gəncə Tibb Kollecinin direktoru, ərazi partiya təşkilatının sədri Mehman Rzayev partiyanın strukturu, fəaliyyəti və yaradıldığı vaxtdan ötən müddət ərzində qazandığı uğurlarından ətraflı bəhs edib:” Bu gün Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan, insanların güvənc yeridir. Partiya müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürərək dövlət müstəqilliyimizin qorunub, möhkəmləndirilməsində müstəsna rol oynayır. Danılmaz faktdır ki, bir siyasi təşkilat kimi təşəkkül tapan Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi uğurlar, nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir”.
Tədbirdə çıxış edənlər inkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmağın məsuliyyət, eyni zamanda böyük şərəf oluğunu xüsusi olaraq vurğulayıb, xalqımızın partiyaya, onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin ideyalarına sıx bağlılığını, Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla irəlilədiyini qeyd ediblər.
Partiyaya üzv olmaq üçün müraciət edən gənclər tək-tək özləri haqqında məlumat verib, YAP-ın fəaliyyətini, Prezident cənab İlham Əliyevin uğurlu siyasətini dəstəklədiklərini qeyd edib, YAP-a üzv olmağın onlar üçün böyük fəxr olduğunu və bu adı şərəflə daşıyacaqlarını bildiriblər.
YAP-ın sıralarına yeni qəbul olunan gənclərə partiya vəsiqələri təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda fikir mübadilələri aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.