Dekabrın 28-də Gəncə Tibb Kollecində ilin yekunlarına dair toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, əməkdar həkim Mehman Rzayev yola salınan 2022-ci ilin təhsil müəssisəsinin tarixində inkişaf və yenilik ili kimi yadda qaldığını qeyd edib. O bildirib ki, son 5 ildə olduğu kimi Gəncə Tibb kollecində qarşıya qoyulan plan və tapşırıqlar yerinə yetirilmişdir:
“Ölkə başçısının Azərbaycanda səhiyyənin təşkili və yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq yola saldığımız ildə də ölkəmizdə tibbin və tibbi təhsilin səviyyəsi xeyli yüksəlmişdir. Səhiyyə Nazirliyi bu istiqamətdə davamlı tədbirlərin görülməsi üçün mütəmadi olaraq lazımı tədbirlər görür və bu proses davam edir. Ötən ili bizim kollecimiz üçün də uğurlu saymaq olar. Əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də Gəncə Tibb Kollecində texniki təminatın yaxşılaşdırılması və nəticədə təhsilin səviyyəsinin yüksəldilməsi üçün xeyli işlər görülmüşdür. Son 5 ildə yaradılan yeni laboratoriyalarda tələblərimiz artıq əyani şəkildə texniki vasitələrdən istifadə edərək tibbi biliklərə yiyələnmək imkanı qazanıblar. Çox sevindirici haldir ki, ötən tədris ilində əlaçı tələbələrimizn sayı 146 olmuşdur ki, bu da ötən illərə nisbətdə dəfərlə çoxdur. Ötən il təcrübə mübadiləsi proqramı çərçivəsində Türkiyəli tələbələr kollecimizdə oldular. Onlar burada yaradılan şəraitdən çox məmnunluqlarını bildirdilər. Bundan başqa keyfiyyətli tədrislə yanaşı Gəncə Tibb Kollecinin təlimçi həkimləri tərəfindən “Tibb Kollecləri dərman tətbiqləri tədrisçi təlim proqramı” və “Təməl Həyat Dəstəyi” təlimlər keçirildi. Kollecimizdə tələbələr üçün “Nitq mədəniyyəti, Süfrə mədəniyyəti, Nəqliyyat Mədəniyyəti, Davraniş Mədəniyyəti və sair mövzularda elmi praktik konfranslar təşkil olunmuşdur. Ötən il beynəlxalq əlaqələr istiqamətində də işlərimiz davam etdirilmiş, Səhiyyə Nazirliyinin bu istiqamətdə aidiyyatı qurumları ilə əməkdaşlıq daha da genişləndirilmişdir. Gələn il başlanılmış işlərin davamı olaraq növbəti ildə sona çatdırılmalı olan bir sıra layihələrin reallaşmasına çalışacağıq. Əsas məqsədimiz tibbi təhsil sahəsində beynəlxalq satandartlara cavab verə biləcək bir kollec olaq” deyə M. Rzayev əlavə edib.
Sonra Gəncə Tibb Kolecinin Elmi Şurasının qərarına əsasən bir qrup müəllim və tələbələr təltif olunub. Onlar arasında “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı tələbəsi”, “İlin əlaçısı”, “İlin ən fəal tələbəsi” fəxri adlara layiq görülənlərə fəxri fərmanlar təqdim olundu. Bundan başqa Gəncə Tibb Kollecində təhsil alan II Qarabağ Müharisbəsi Veteranları şuranın qərarına əsasən birdəfəlik pul mükafatı ilə təltif edildilər, bir nəfər II Qarabağ Müharisbəsi Qazisi isə il ərzində hər ay əlavə təqaüdlə təmin olunacaq.
Kollecin ictimai həyatında öz fəaliyyəti ilə seçilən bir qrup əməkdaş da rəhbərlik tərəfindən yüksək qiymətləndirildi və onlar da təşəkkürnamə ilə təltif olundular.
Sonda Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyevə, Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası sədri Gülər Süleymanovaya və Gəncə Tibb Kolleci İşçiləri Həmkarlar İttifaqı Şurası sədri Leyla İsmayılovaya minnətdarlıq bildirildi.