Gəncə Tibb Kollecində 8 Noyabr - Zəfər Günü ilə bağlı “Qarabağ Azərbaycandır! adlı tədbir keçirilib. Toplantıda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Mehman Rzayev tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə, sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atdı.
“Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə qızıl hərflərlə yazıldı. Bu tarixi qələbə Azərbaycan xalqının iftixarına və qürur mənbəyinə çevrildi. 44 gündə xalq öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir yumruğa” çevrildi və bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüş meydanlarında ordumuz, siyasi arenada diplomatlarımız, informasiya savaşında media nümayəndələrimiz düşmənə layiqli cavablar verdilər. Müharibə dövründə də, sonralar da Ali Baş Komandan İlham Əliyevin bütün dünyaya Azərbaycanın haqq səsini çatdıran müsahibələri düşmənlərimizə layiqli qələbəmizə kölgə salmağa, qara yaxmağa imkan vermədi. Bu tarixi Zəfər bizə qalib bir xalq olmağımızdan qürur duymağa şərait yaratdı” deyə çıxışında Mehman Rzayev vurğulayıb.
Mehman Rzayev onu da əlavə etdi ki, Vətən müharibəsində iştirak edən və daim hərbiçilərimzin yanında olan tibb işçiləri, həkimlərimiz də böyük qəhrəmanlıq göstərərək öz həyatları bahasına minlərcə əsgər və zabitlərimizin həyatını xilas etdilər. Kollecin direktoru Qarabağda Azərbaycanın tam suverenliyinin bərpası məqsədilə bu il sentyabrın 19-da peşəkar ordumuz tərəfindən keçirilən antiterror əməliyyatlarında danışaraq Ali Baş Komandan İlham Əliyevin Xankəndində bayrağımız ucaldıldığı gün çıxışini xatırlatdi:
“Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Sonra digər çıxış edənlər də qeyd etdilər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olundu.
Çıxışlardan sonra “Qarabağ Azğrbaycandır” adlı sənədli filmin nümayişi oldu.
Tədbir Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə kollecdə təhsil alıan 12 Vətən müharibəsi iştirakçısına pul mükafatı və hədiyyələr təqdim olunması ilə davam etdi.
Sonda kollecin tələbələri Zəfər gününə həsr olunmuş bədii kompozisiya ilə çıxış etdilər.