GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində akademik Zərifə xanım Əliyevanın 101-ci ildönümü münasibətilə tədbir keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhfələr vermiş, nəcib xanım, əsl ana, akademik Zərifə xanım Əliyevanın 101-ci ildönümü münasibətilə “Zərifə Əliyeva - Ümummilli Liderin böyük sevgisi” adlı konfrans keçirilib. Tədbirdə çıxış edən kollecin direktoru,  əməkdar həkim Mehman Rzayev Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıdığını, həm həkim və həm də alim kimi nümunəvi fəaliyyəti ilə fərqləndiyini, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırdığını vurğulayıb:

  “Zərifə  xanım eyni  zamanda, müasir, müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu, bütün  mənalı  ömrünü  Vətəninin  və  xalqının  tərəqqisinə  həsr  etmiş  dahi  şəxsiyyətin – Ümummilli  Lider  Heydər  Əliyevin  vəfalı  ömür – gün  yoldaşı, sədaqətli  dostu  və  etibarlı  silahdaşı  olub. Dahi şəxsiyyət dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Zərifə xanımın onun həyatında rolu çox böyükdür və  bir siyasi rəhbər kimi daim Heydər Əliyevi dəstəkləyib”.

   Tədbirdə digər çıxış edənlər də Zərifə  xanımın həyat və fəaliyyətindən əsas məqamları xatırlayaraq qeyd ediblər ki, görkəmli alim  özünün  çoxillik  fəaliyyəti  dövründə  neçə - neçə  gözə  şəfa  bəxş  etmiş, ən  ağır, mürəkkəb  əməliyyatlar  aparmış, görmə  qabiliyyəti  zəif  olanların, yaxud  tamamilə  görməyənlərin  qaranlıq  dünyasını  işıqlandırıb. Bu  işdə  ona  təkcə  biliyi, savadı  və  səriştəsi  deyil, həm  də  gendən  və  böyüdüyü  ailədən  irəli  gələn  yüksək  keyfiyyətləri  dəstək  olurdu.

     Çıxışlardan sonra görkəmli alim, Zərifə Əliyevanın həyat və fəaliyyətində bəhs edən sənədli film nümayiş olundu. Kollecin tələbələrinin ifasında mahnılar, şerilər səsləndirilib, rəqslər tədbirə xüsusi maraq qatdı.

23.04.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024