GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 31 Mart – Azərbaycanlıların Soyqırımı günü anılıb


Post Image

   “Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalıblar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetiriliblər”. Bu fikirlər Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunan tədbirdə söylənilib. Çıxış edən kollecin tələbəsi Altay Nuruyev ermənilərin tarix boyu ölkəmizə qarşı düşmən mövqeyinin olduğunu söyləyib.

   Sonra çıxış edən Zenfira Məmişova Azərbaycan tarixi səhifələrində qara hərflərlə yazılan tarixlərin heç zaman yaddaşlardan silinməyəcəyini dedi:

   “Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun, şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində 44 günlük müharibə və antiterror əməliyyatları nəticəsində torpaqlarımız düşmən tapdağından azad oldu və  Azərbaycan öz tam suverenliyini və ərazi bütövlüyünü təmin edib. Biz bir qalib dövlət kimi artıq bu günləri bir yaddaş kimi xatırlayır, qalib xalq kimi qürur duyuruq” deyə Z.Məmişova vurğulayıb.

Kollecin tələbəsi Xalidə Nəbiyeva gənclərin bu kimi tarixi faktları heç zaman unutmayacağını bildirib. O qeyd edib ki, indiki nəsil xalqımızın müxtəlif dövrlərdə başlarına gətirilən müsibətləri heç zaman unutmayacaq və o qara ləkələri təmizləyən, düşmənlərimiz tərəfindən qətlə yetirilən bacı və qardaşlarımızın qanını yerdə qoymayan qəhrəman oğullarımızı daim qəlblərində böyük məhəbbət və hörmətlə anacaqlar. Sonda X. Nəbiyevanın söylədiyi şeir böyük alqışlarla qarşılanıb.

28.03.2024  [ 13:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024